Müştərilər və tərcüməçilər çox vaxt tərcümə mərkəzini aradan çıxarmaqla bir-biri ilə birbaşa işləməyi arzu edirlər. Bəziləri hesab edir ki, gələcəkdə müştəri və son icraçılar bir-birlərini çox asan tapacaq deyə tərcümə şirkətlərinə ehtiyac olmayacaq və onlar məhv olacaqlar. Lakin bu cür proqnozlara baxmayaraq, tərcümə mərkəzləri işini davam etdirir. Niyə belədir?
BİR AZ NƏZƏRİYYƏ …
Təsəvvür edin ki, siz bir kiloqram kartof almalısınız. Bunun üçün özünüz durub kəndə getməyəcəksiniz, eləcə də fermer özü sizin qapınıza gəlməyəcək. Pomidoru başqa bir kəndli təsərrüfatından, soğanı isə qeyrisindən almayacaqsınız. Vaxtınıza qiymət verirsinizsə, ən yaxın dükana gedəcəksiniz, əgər pulunuza bir az qənaət etmək istəsəniz, kiçik topdansatış bazarına üz tutacaqsınız. Eyni səbəblərə görə fermer də məhsullarını topdan satıcılara və ya birbaşa dükana satacaq.
Tərcümə bazarındakı vəziyyət də eynidir. Bəzi müştərilər həqiqətən də birbaşa tərcüməçilərlə işləyirlər, lakin bunlar daha çox istisna hallardır. Aşağıda tərcümə dünyasının niyə məhz bu şəkildə qurulduğunu aydınlaşdıracağıq.
BİR-BİRİNİ NECƏ TAPMAQ OLAR
Fərz edək ki, mebel almaq istəyirsiniz. Ancaq siz onu mebel dükanından almaq istəmirsiniz, mebeli öz əlləri ilə düzəldə biləcək bir adam tapmağa qərar vermisiniz. Tanıdığınız bir mebel ustası yoxdur. Onu necə tapmaq olar, hansı meyarlara əsasən seçmək olar? Mebel istehsalı ilə heç bir əlaqəniz yoxdursa, onun peşəkarlığını necə müəyyənləşdirmək olar? Sözünə inanmaq? İntuisiyaya etibar etmək? Mənzil üçün mebel dəsti sifariş etməzdən əvvəl ustanı yoxlamaq üçün ondan sadə bir stul düzəltməyi xahiş etmək? Uyğun birini tapana kimi neçə mebel ustasını yoxlamalı olacaqsınız?
Tərcüməyə ehtiyacı olan müştəri də eyni problemlə üzləşir. Tanıdığı yaxşı tərcüməçi yoxdursa, çoxlu sayda namizədlərin arasından uyğun olanı seçmək böyük zəhmət tələb edir. Əgər müştərinin tərcüməçini haradan tapacağı və necə qiymətləndirəcəyi, ümumiyyətlə, yaxşı tərcüməçinin necə olması barədə təsəvvürü zəifdirsə, iş daha da çətinləşir.
Yaxşı tərcüməçi tapmaq mebel ustası tapmaqdan daha çətindir.
Yaxşı tərcüməçi tapmaq mebel ustası tapmaqdan daha çətindir. Tərcümə sahəsinə giriş baryeri son dərəcə aşağıdır. Hər istəyən kəs heç bir ixtisası olmadan özünü tərcüməçi kimi qələmə verə bilər. Həqiqi mütəxəssislər isə səriştəsiz diletantlar kütləsində asanlıqla itirlər. Əgər böyük tərcümə mərkəzləri belə kadr çatışmazlığı yaşayır və bəzi layihələr üçün aylarla ixtisaslı tərcüməçilər axtarırsa, yeni müştərinin onları tapmaq şansı azdır, yalnız bəzilərinin bəxti gətirir.
Tərcümə mərkəzinin ilkin vəzifəsi ixtisaslı icraçıların seçilməsidir.
Tərcümə mərkəzinin ilkin vəzifəsi ixtisaslı icraçıların seçilməsidir. Bu seçimin keyfiyyəti tərcümə şirkətinin özünün səviyyəsindən asılıdır.
Bəzi mərkəzlər üzdən yoxlama ilə işini bitmiş hesab edir və yalnız ən zəif namizədləri ələyir. Ancaq elə tərcümə mərkəzləri də var ki, namizədlərin yalnız bir-ikisi seçim mərhələsini keçə bilir. Üstəlik, onlarda seçim eyni vaxtda bir neçə meyara uyğun olaraq aparılır: mətnin keyfiyyəti, təhvil tarixinə riayət etmə, kommunikasiya keyfiyyəti, öyrənmə qabiliyyəti və s.
Hər bir ciddi tərcümə mərkəzi tərcüməçilərin seçilməsinə və hazırlanmasına çoxlu pul, vaxt və səy sərf edir və bununla da müştərilərini bu işdən azad edir.
Tərcümə mərkəzinin digər funksiyası redaktə və keyfiyyətə nəzarətdir.
Tərcümə mərkəzinin digər funksiyası redaktə və keyfiyyətə nəzarətdir. İstənilən, hətta ən peşəkar tərcüməçilər belə iş prosesi zamanı səhvlər buraxa bilərlər.
Tərcümə mərkəzində tərcümə olunmuş material başqa mütəxəssis – redaktor tərəfindən təkrar yoxlanır, bəzi hallarda ikiqat yoxlamadan keçir və müştəriyə verilən işdə səhv olmaq şansı aradan qaldırılır. Birbaşa tərcüməçi ilə işləyən müştəri tərcümə olunmuş materialı ya özü yoxlamalıdır, ya da, əgər dili bilmirsə, səhvlər olan mətni düzgün kimi qəbul etməyə məcburdur. Birinci halda bu, əlavə vaxt itkisi, ikinci halda isə keyfiyyətsiz iş almaq riski deməkdir.
Düzdür, keyfiyyətə nəzarət mərhələsini buraxan tərcümə mərkəzləri də var, ancaq onlara tərcümə mərkəzindən çox dispetçer mərkəzi demək daha düzgün olardı. Çünki tərcümə olunmuş materialın tərcüməçidən alınıb müştəriyə ötürülməsi ilə öz işlərini bitmiş hesab edirlər.
Birbaşa tərcüməçi ilə işləməyin müştəri üçün çətinlikləri və riskləri haqqında haşiyə
Tutaq ki, müştərinin bəxti gətirdi və o, bütün işləri mükəmməl yerinə yetirən əla bir tərcüməçi tapdı. Bu vəziyyətdə tərcümə mərkəzi həqiqətən də lazımsız vasitəçi olacaq. Yeganə sual yaranır – bu, nə qədər davam edəcək? Axı, tərcüməçi canlı bir insandır və o, təkdir. Onun şəxsi həyatı var, vaxtaşırı tətilə gedir, bəzən xəstələnir. Tərcüməçinin “qoyub getdiyi” müştəri isə yenidən bütün seçim əzabından keçərək yenisini axtarmalı olacaq, ya da vaxt çatışmazlığı səbəbindən tərcümə mərkəzinə müraciət etməli olacaq.
Tərcümə mərkəzində isə bu cür proseslər artıq sistemli şəkildə qurulub, böyük tərcümə mərkəzlərinin ştatında olan işçilərlə yanaşı illər boyu frilans çalışdığı və etibar etdiyi onlarla, hətta yüzlərlə tərcüməçi var.
Bundan əlavə, tərcüməçilərə qeyd edilmiş proqramlarda işləməyi, təlimatlara riayət etməyi və tərcüməni müəyyən qaydalara uyğun olaraq təhvil verməyi öyrətmək lazımdır. Bu haqda daim xatırlatmaq lazım olacaq.
Məsələn, tərcüməçi yerinə yetirə bilməyəcəyini bilə-bilə iş götürür, və bunu da etiraf etməkdən çəkinir, siz də bu barədə təhvil tarixi keçdikdən sonra öyrənirsiniz. Başqa bir misal: böyük bir layihənin qızğın çağında bir neçə frilanser eyni anda tətilə çıxır və sizi komandadakı boşluqları yamamaq məcburiyyətində qoyurlar. Zaman-zaman texniki problemləri həll etmək lazım olacaq: kimdəsə lazımi proqram işləmir, kimdəsə qəflətən elektrik enerjisi kəsilir, kimdəsə İnternet bağlantısı itir və s.
Heç bir problem yaranmasa belə, komandanı əlaqələndirmək lazımdır: tərcüməçilərə tapşırıqlar vermək, gördükləri işləri redaktorlara təhvil vermək, təlimatlar tərtib etmək, iş üçün fayllar paketlərini yaratmaq və bir çox başqa vəzifələri yerinə yetirmək.
Tərcümə mərkəzi prosesləri idarə edir və ona ilk növbədə menecmentə görə pul ödəyirlər.
Onun işinin məğzi problemlərin həll olunmasındadır.
Tərcümə mərkəzinin təqdim etdiyi əsas xidmətin, qəribə də olsa da, tərcümə olmadığını anlamaq vacibdir. Tərcüməni ştatda olan və frilanser tərcüməçilər icra edir. Tərcümə mərkəzi isə prosesləri idarə edir və ona ilk növbədə menecmentə görə pul ödəyirlər.
Məhz buna görə əksər frilanser tərcüməçilər cəhd etsələr də tərcümə mərkəzi yarada bilmirlər. İşi bir neçə dəfə həmkarlarına ötürmə cəhdlərindən sonra məlum olur ki, onlardan biri təhvil müddətinə riayət etmir, digəri işi icazəsiz bacarıqsız dostuna həvalə edir, üçüncü isə tamamilə yox olur. Nəticədə frilanser çətinliklərlə üzləşir və öz nüfuzunu riskə atır, bundan sonra başqalarının məsuliyyətini üzərinə götürməkdən imtina edir.
Tərcümə mərkəzinin işinin məğzi məhz bu kimi problemlərin həllindədir.
XÜLASƏ…
Tərcümə mərkəzi tək tərcüməçinin işini deyil, nizama salınmış prosesi satır.
Əlbəttə ki, tərcümə mərkəzi olmadan keçinmək olar. Bunu etmək üçün yaxşı tərcüməçiləri haradan və necə tapmalı, onlara necə təlim keçməli, tərcümə layihəsini necə qurmalı, hansı proqramlardan istifadə etməli, tərcümə mərkəzində prosesləri necə qurmalı olacağınızı bilməlisiniz. Daha sadə desək, tərcümə mərkəzinin vəzifəsini öz üzərinizə götürməli olacaqsınız.
Bütün bu proseslərin idarə olunması çətin, uzun və ən əsası, bahalı olacaq – ilkin məqsədə, yəni qənaət etmək məqsədinə çatmaq mümkün olmayacaq.
Müştəriyə təkcə icraçı deyil, həm də təşkil edilmiş proses lazımdır. Tərcümə mərkəzində o, tərcüməçinin işini deyil, nizama salınmış prosesi almış olur.