Ucuz və keyfiyyətli olurmu?

BUNUN QİYMƏTİ NEÇƏYƏDİR?

Nə qədər ödəməyə hazırsınızsa, o qiymətə.

Bu cavabın açıqlanmasında bir hekayə kömək edə bilər. Sahibkar istehsalçıdan avtomobil hissələrinin alınması barədə danışıqlar aparmaq üçün Çinə gedir. Onların arasında təxminən bu formada bir dialoq baş verir:

- Bu detal neçəyədir?
- 1 dollar.

- Bəs eyni, lakin daha keyfiyyətli detal neçəyə olacaq?
- 3 dollar.

- Yaxşı, bəs yüksək keyfiyyətli detalın qiyməti nə olacaq?
- 5 dollar.

- Bəs əgər mən detalın orijinaldan seçilməməsini və ən yüksək beynəlxalq standartlara cavab verməsini istəsəm?
- 10 dollar.
Aydındır ki, bu nümunədəki detalın dəyəri istehsal xərcləri və keyfiyyətə nəzarətdən asılıdır. Eyni hal tərcümədə də baş verir. Tərcümə xidməti sizə ucuz təklif edilirsə, bunun yalnız bir izahı var: tərcümə mərkəzi bu işə az xərc çəkəcək, yəni bu işi peşəkar tərcüməçidən iki dəfə ucuz görməyə hazır olan qeyri-peşəkar icraçı cəlb edəcəkdir.
Beləliklə, xərclərin azaldılmasına aşağıdakı yollarla nail olmaq olar:

1) Keyfiyyətə nəzarət mərhələsini buraxmaq. Bu seçimi edərək, tərcümə mərkəzi əslində əsas funksiyalarından birindən imtina etmiş olur və dispetçer funksiyası ilə məhdudlaşır.

2) Kadr seçimi prosesinə qənaət etmək və aşağı maaşa işləməyə hazır olan tərcüməçi və menecerləri işə götürmək.
İkinci bəndi daha ətraflı nəzərdən keçirək. Yazılı tərcümə yüksək bilik və bacarıq tələb edən bir işdir. Köməkçiniz, dostunuz və ya qohumunuz xarici dil bilsə belə, çətin ki, tərcüməni keyfiyyətli şəkildə yerinə yetirə bilsin. Lakin bu kifayət etmir: tərcüməçi mükəmməl yazılı nitq, üslub hissi, erudisiya, məntiqi təfəkkür, hövsələ, detallara diqqətlilik və sadəcə orta əmsaldan nisbətən daha yüksək intellekt əmsalına malik olmalıdır. Tərcüməni pul qarşılığında etməyə hazır olan şəxslərin 95% -i bu keyfiyyətlərə kifayət qədər sahib deyillər, peşəkarlar isə bu keyfiyyətlərin əldə edilməsinə və təkmilləşdirilməsinə illərini sərf edirlər.
Tərcümə mərkəzində işləyən tərcüməçinin işinin qiymətinin yükvuran fəhlənin işinin qiymətindən daha ucuz olduğunu görsəniz, ən azından ehtiyatlı olmalısız
Bir səhifənin tərcüməsi təxminən bir saat çəkir. İndi isə yuxarıda göstərilən abzasda təsvir olunmuş şəxsə tərcüməçi kimi işləməyə davam etməsi və peşəsini dəyişməməsi üçün bir saatlıq işinə nə qədər pul ödəməli olduğunuzu düşünün.

Bu suala cavab vermək çətindirsə, bir az asanlaşdıraq: bir iş saatına santexnikin, suvaqçının, rəssamın, dülgərin, taksi sürücüsünün və ya, hətta, yükvuran fəhlənin nə qədər pul alacağını öyrənin. Yaxşı tərcüməçi olmaq sürücülük vəsiqəsi alıb "taksilik" etməkdən daha çətindir.

Buna görə də, tərcümə mərkəzində işləyən tərcüməçinin işinin qiymətinin yükvuran fəhlənin işinin qiymətindən daha ucuz olduğunu görsəniz, ən azından ehtiyatlı olmalısız. Aydındır ki, mütəxəssis kimi formalaşmış tərcüməçi bu pula işləməz.
Bəs onda belə tərcüməni kim edər? Pula ehtiyacı olanlar, az pul ödənsə belə, nə gəlsə götürməyə hazır olan qeyri-peşəkarlar. Başqa sözlə, tərcümə ilə məcburi, bu gün işsiz qaldığına görə məşğul olanlar, "normal iş tapana qədər xeyli boş vaxtım var", "sınamaq sadəcə maraqlıdır" və s. deyə düşünənlər.

Adətən, bu cür insanlar tərcümə bacarıqlarına sahib olmurlar: onlar düzgün yazmağı və düşüncələrini məntiqli şəkildə ifadə etməyi bilmirlər. Ən böyük köməkçiləri isə Google Translate-dir. Ancaq buna baxmayaraq, onların da xidmətlərini alanlar var. Yeganə pis məqam odur ki, sifarişçi kiminlə iş gördüyünü və nəticənin nə olacağını dərk etmir.

Nəticə

Eyni vaxtda həm "keyfiyyətli", həm də "ucuz" olmur
Sifarişçi onu hansı tərcümə keyfiyyətinin qane edəcəyini dəqiq başa düşməlidir. Aşağı keyfiyyətli tərcümənin də qəbul olunduğu hallar var – məsələn, əvvəlcədən məlumdur ki, buraxılmış vergül və eybəcər qurulmuş cümlələrə heç kim ilişməyəcək. Bunda eyibli heç bir şey yoxdur. Lakin tərcümənin mallarınızın və ya xidmətlərinizin satış həcminə, karyeranıza və ya şəxsi planlarınıza təsir edə biləcəyini əvvəlcədən bilirsinizsə, bir düşünün – risk etməyə dəyərmi?

Nəhayət, unutmayın ki, qiymət və keyfiyyət hər zaman bir-biri ilə əlaqəlidir; eyni vaxtda həm "keyfiyyətli", həm də "ucuz" tərcümə olmur. Sizə uyğun olan qiymət və keyfiyyət nisbətini seçib tapmalısınız. Buna görə də, tərcümə mərkəzinin sifarişinizi icra etmək üçün nə dərəcədə peşəkar icraçıları cəlb edə biləcəyini həmişə qiymət əsasında müəyyənləşdirin.
Faydalı oldumu?
Başqa məqalələr:
Yeni məqalələrə yazılmaq üçün:
Made on
Tilda