Tərcümə mərkəzini necə seçmək lazımdır?

Tərcümə mərkəzinin təklif etdiyi xidmətin keyfiyyətindən biznesdə çox şey asılıdır: sifarişçinin işgüzar nüfuzu, onun xarici tərəfdaşlarla əməkdaşlığı, ümumiyyətlə bazarda uğur qazanıb-qazanmamağı.

Tərcümə mərkəzi sifarişi vaxtında, çox vaxt qısa müddət ərzində yerinə yetirməlidir, mətn vahid stilistikaya və terminlərin eyniliyinə riayət etməklə tərcümə edilməlidir, heç bir halda hərf və ya məna səhvi olmamalıdır.

Tərcümə mərkəzindən işin qəbul edilməsində çətinlik ondadır ki, hətta xarici dili yaxşı bilən sifarişçi belə tərcümənin keyfiyyətini tam şəkildə qiymətləndirə bilmir. Çünki tərcümə mərkəzinin mütəxəssisləri xarici dil daşıyıcısının yazılı nitqinə xarakterik incəliklərdən istifadə edir.

Yüksək keyfiyyətli tərcümə almaq üçün sifarişçi tərcümə mərkəzi və ya başqa icraçı seçiminə diqqətlə yanaşmalıdır. Ancaq ilk öncə "yüksək keyfiyyətli tərcümə" və ya "yaxşı tərcümə" nə demək olduğunu müəyyən etmək lazımdır.

Yaxşı tərcümə nə deməkdir?
Tərcümənin mövzusundan (texniki, tibbi, iqtisadi, hüquqi, bədii və s.) asılı olmayaraq, "çıxış" mətn tərcümənin keyfiyyətini müəyyənləşdirməyə kömək edən bir sıra parametrlərə malik olmalıdır.

Bunlara aid etmək olar:
- dəqiqlik,
- orijinalda olmayan məlumatın tərcüməyə əlavə olunmaması,
- sənədin üslubuna riayət edilməsi,
- bütün mətn boyu vahid stilistikaya riayət edilməsi,
- hədəf dilin qrammatika, sintaksis və s. qaydalarına riayət etmək.

Tərcümə mərkəzi seçərkən səhv etməmək üçün lazım olan əsas amilləri aşağıda sadalamışıq.
Şirkətin imici
İşinə məsuliyyətli yanaşan tərcümə mərkəzi öz nüfuzunu daima qorumağa çalışır. Seçdiyiniz tərcümə mərkəzinə əvvəl müraciət etmiş müştərilərin rəylərinə diqqət etmək lazımdır. Bu tərcümə mərkəzi ilə sizdən əvvəl işləmiş müştəriləri ilə əlaqə saxlayıb onların fikrini birbaşa özlərindən də öyrənə bilərsiniz. Həmçinin tərcümə mərkəzinin Azərbaycanın hansı böyük şirkətləri ilə daimi əməkdaşlıq etdiyi ilə də maraqlanmaq lazımdır.
Şirkətin qiymət siyasəti
Peşəkar tərcümə mərkəzi ümumi bazar qiymətlərində orta səviyyəni əsas götürür. Nəzərə almaq lazımdır ki, tərcümənin, xüsusən də tibbi və ya texniki tərcümənin bir səhifəsinin qiyməti əlavə xidmətlərin, məsələn, redaktə və korrektura, qrafik obyektlərin, cədvəllərin işlənməsi və s. nəzərə alınmaqla hesablanır. Tərcümə mərkəzi çox aşağı qiymət təklif edirsə, demək ki, adları çəkilən əlavə, ancaq tərcümənin keyfiyyətinin birbaşa asılı olduğu vacib xidmətlərdən bəzilərini göstərmir. Qiymət siyasəti məntiqli və çevik olmalıdır, və müştərinin büdcəsi məhdud olduqda tərcümə mərkəzi göstərdiyi xidmətlər üçün endirim etməyə hazır olur.
Xidmətlərin keyfiyyəti
Müştəriyə yüksək səviyyəli xidmət, həmişə ən yüksək standartlara uyğun olmağa çalışmaq, ağlabatan və yaradıcı həllər təklif etməyə hazırlıq etibarlı tərcümə mərkəzinin vizit kartıdır. Müştəri kimi sizin sorğunuza nə qədər operativ cavab verildi? Menecerlər diqqətli və mədəni münasibət göstərirmi? Müştərinin istəkləri ətraflı və səbirlə müzakirə olunurmu?

Tərcümə mərkəzi tərcümənin keyfiyyətinə zəmanət verməli və orijinal mətnin mənası tərcümədə düzgün çatdırılmadıqda nöqsanları operativ və pulsuz aradan qaldırmağa hazır olmalıdır. Xüsusən texniki, tibbi və hüquqi tərcümələrdə kiçik qeyri-dəqiqlik istənməyən nəticələrə səbəb ola bilər.
Konfidensiallıq
Müştərilərlə konfidensiallıqla bağlı razılaşmaya tam riayət edilməsi. Peşəkar tərcümə mərkəzi konfidensiallıq haqqında razılaşma olmadıqda da məxfiliyə tam riayət edir. İstənilən sifariş haqqında məlumat (orijinal və tərcümə, müştərinin əlaqə məlumatları) adi Excel cədvəlində yox, müdafiə sisteminə malik elektron verilənlər bazasında saxlanır və sıravi əməkdaşların oraya girişi qadağandır. Kommersiya məlumatlarının yayılmaması öhdəliyi Tərcümə xidmətləri göstərilməsi haqqında müqavilədə ayrıca maddədə qeyd olunur.
Veb-sayt və ofis
Sayt bir şirkətin virtual aləmdə, ofis isə real dünyada evidir. Peşəkar tərcümə mərkəzinin müasir veb-saytı olmalıdır. İnternetdə reklam yerləşdirmiş bir tərcümə mərkəzini seçmisinizsə, onun saytının dizaynına və praktik olmasına fikir verin.

Şirkətin saytı sonuncu dəfə nə vaxt yenilənib? Saytda şirkət və göstərdiyi xidmətlər haqqında ətraflı məlumat verilməli, əlaqə vasitələri, ofisin ünvanı qeyd olunmalıdır. Saytdan birbaşa sifariş vermək imkanı varsa, bu, müştərilərin rahatlığına xidmət edən əlavə üstünlükdür. Bundan başqa, tərcümə mərkəzinin vaxtaşırı tematik məqalələrin dərc olunduğu bloqunun olması da peşəkarlıq göstəricisidir.

Ofisə getmisinizsə, işgüzar mühitə fikir verin. Əməkdaşların xarici görünüşü, suallarınıza cavab verməkdə istəkli olmaq səviyyəsi şirkət haqqında çox şey deyə və bir sıra hallarda arzuolunmaz əməkdaşlıqdan vaxtında vaz keçmək üçün siqnal ola bilər.
Faydalı oldumu?
Başqa məqalələr:
Yeni məqalələrə yazılmaq üçün:
Made on
Tilda