Frilanser tərcüməçi ya Tərcümə mərkəzi?

Frilanser evində fərdi qaydada işləyən mütəxəssisə deyilir. Tərcüməçi-frilanserə müraciət etməyin danılmaz üstünlüyü yüksək rəqabət nəticəsində qiymətlərin aşağı olmasıdır. Ancaq belə əməkdaşlığın mənfi tərəfləri də var:
Müqavilənin olmaması
Frilanserlərin çoxu müştəri ilə müqavilə imzalamır. Bu o deməkdir ki, ortalıqda heç bir sənəd olmadan sizə yalnız icraçının sözünə inanmaq qalacaq. Əgər o, sifarişə görə beh alıb sonra işi təhvil verməyib yoxa çıxsa, siz heç kimdən işinizi tələb edə bilməyəcəksiniz. Ona görə yox ki, frilanserlər məsuliyyətsizdirlər. Əksinə tərcümə mərkəzlərinin işlədiyi mütəxəssislərin çoxu frilanserlərdir. Ancaq, birincisi, onlar müqavilə və ya başqa sənəd əsasında əməkdaşlıq edir. İkincisi, onların işinə həmişə tərcümə mərkəzinin meneceri nəzarət edir, səhvləri redaktor tərəfindən aradan qaldırılır, gecikmə olsa iş başqa tərcüməçiyə yönləndirilir və s.
Sifarişin vaxtından gec təhvil verilməsi
Frilanserlə işin digər mənfi tərəfi sifarişin icra müddətinin gecikmək ehtimalının böyük olmasıdır. Frilanserin kompüteri xarab ola bilər, o xəstələnə bilər və s.

Tərcümə mərkəzində də sifarişin icrasına cəlb edilmiş tərcüməçi qrafikdən geri qala bilər, ancaq bu halda tərcümə mərkəzi işə əlavə tərcüməçi cəlb edir və işi vaxtında sifarişçiyə təhvil verir. Ancaq frilanser tək işlədiyi üçün belə hallarda ya sifarişçi özü başqa frilanser tapıb işin geridə qalan hissəsini ona verməli, ya da sifarişin icrasının gec də olsa bitməsini gözləməlidir.
Mütəxəssisin bilik səviyyəsini və təcrübəsini düzgün qiymətləndirməyin mümkün olmaması
Heç də bütün frilanserlər özləri haqqında düzgün məlumat göstərmirlər. "İdeya" Tərcümə Mərkəzinin apardığı statistikaya əsasən, şirkətimizə frilanser tərcüməçi kimi əməkdaşlıq üçün müraciət edənlərin təxminən 70%-i məktəbdə keçilmiş punktuasiya, qrammatika və orfoqrafiya qaydalarını bilmir. Müraciət edənlərin yalnız 10% -ə qədəri tərcümə testini məqbul səviyyədə edə bilir. Hər 100 iş axtaran frilanserə ən yaxşı halda 1 yüksək səviyyəli tərcüməçi düşür. Bir çox hallarda çox pafoslu CV-nin arxasında orta çətinlikli test tapşırığını belə düzgün yerinə yetirə bilməyən bir frilanser dayanır.

Tərcümə mərkəzi ilə işləməyin mənfi cəhəti frilanserlə müqayisədə adətən qiymətin baha olmasıdır, ancaq üstünlükləri aşağıdakılardır:
Vaxtınıza qənaət edəcəksiniz
Siz özünüz tərcüməçi axtarmayacaq, onlardan ən yaxşısını seçməyəcək, xeyli sayda tərcüməçi ilə danışıqlar aparmayacaqsınız. Tərcümə mərkəzinin ştatında və uzaqdan əməkdaşlıq etdiyi peşəkar tərcüməçilər var. Sizin yalnız tərcümə mərkəzi ilə əlaqə saxlayıb sifarişinizi verməyiniz kifayətdir.
Keyfiyyətə zəmanət veriləcək
Normal tərcümə mərkəzlərində edilən tərcümələr əlavə yoxlamadan keçirilir. Adətən bir tərcümə üzərində birdən çox mütəxəssis (tərcüməçi, redaktor və s.) işləyir. Bu isə keyfiyyətin yüksək olacağına əlavə zəmanətdir. Tərcümə mərkəzi mətnin mövzusuna uyğun (texniki, tibbi, hüquqi tərcümə və s.) tərcüməçi cəlb edir.

Frilanser tərcüməçinin etdiyi tərcümə isə əlavə yoxlamadan keçmir. Mətn səhv tərcümə oluna bilər, qrammatik səhvlər ola bilər və s.
İşiniz yarımçıq qalmayacaq
İlk öncə işin həcmi, icra müddəti və qiyməti yazılı qaydada qeyd edilir. Tərcümə mərkəzi ofisi, əməkdaşları olan real şirkətdir və sifarişinizlə bağlı bir problem çıxsa heç yerə itməyəcək. Əksinə, şirkətin imicinə zərər gəlməməsi üçün problemi tez və pulsuz aradan qaldıracaq.
Konfidensiallıq qorunacaq
Bəzən məxfiliyin yüksək səviyyədə qorunmasına ehtiyac olur. Kommersiya məlumatlarının yayılmaması öhdəliyi Tərcümə mərkəzinin tərcümə xidmətləri haqqında müqaviləsində ayrıca maddədə qeyd olunur. Mərkəz konfidensiallıq haqqında razılaşma olmadıqda da məxfiliyə tam riayət edir. Bir halda siz şirkətin kommersiya sirri olan sənədlərini tanımadığınız şəxsə, digər halda isə tanıdığınız şirkətə göndərirsiniz.

Nəticə

Tərcümə mərkəzlərinin xidmətlərinin qiyməti əksər hallarda frilanserlərdən baha olur. Ancaq frilanser tərcüməçidən fərqli olaraq tərcümə mərkəzi bu qiymətə tək tərcümə yox, həm də işinə zəmanət, əlavə keyfiyyət yoxlaması, operativlik, vaxtında işi təhvil vermə, məxfilik və s. verir.

Beləliklə, frilanserə ya tərcümə mərkəzinə müraciət etməklə bağlı qərarı siz verməlisiniz. Bu ikisini müqayisə etdikdə frilanserin xeyrinə olan yeganə amil ucuz qiymətdir. Bu heç də o demək deyil ki, frilanserlərə ümumiyyətlə müraciət etmək lazım deyil. Əgər sizin üçün yalnız və yalnız qiymət vacibdirsə, frilanserə müraciət etsəniz düzgün olar. Lakin seçim etdikdə ancaq ucuz qiymətə əsaslanmaq düzgün olarmı? Yadda saxlamaq lazımdır ki, frilanser tərcüməçiyə müraciət etdikdə siz bir növ lotereya oynayırsınız. Siz bilə bilməzsiniz ki, sifarişiniz nə vaxt yerinə yetiriləcək və ya ümumiyyətlə yerinə yetiriləcəkmi.

Göstərilən xidmətin tək qiyməti yox, həm də dəyəri vacibdir. Əgər prioritet olan düzgün iş, operativlik, keyfiyyətli tərcümə, məxfilik və görülmüş işə zəmanətdirsə - tərcümə mərkəzinə müraciət edin, özünüzü lazımsız risklərdən sığortalayın.
Faydalı oldumu?
Başqa məqalələr:
Yeni məqalələrə yazılmaq üçün:
Made on
Tilda